“AK&M” reytinq agentliyi “SOCAR Polymer” şirkətinin kredit ödəmə qabiliyyətliliyi reytinqini milli şkalada “stabil” proqnozla “A+” səviyyəsində təsdiq edib.
“Bu reytinq borclunun olduqca yüksək səviyyəli kredit ödəyicisi sinfinə aid olduğunu göstərir. Şirkətin öhdəliklərini vaxtında yerinə yetirməməsi riski olduqca azdır”, - deyə agentliyin məlumatında qeyd olunur.
Məlumatda deyilir ki, “SOCAR Polymer” konkret texnoloji layihənin reallaşdırılması üzrə təşkil olunmuş tipik layihə maliyyələşdirilməsi şirkətidir.
“Bu şirkətə Sumqayıt şəhərinin sənaye zonasında polipropilen vəyüksək sıxlıqlıpolietilen zavodlarının inşası, eləcə də onların sonrakı istismarı tapşırılıb. Layihə üzrə əsaslı xərclər $770 mln. məbləğində müəyyən edilib. Layihənin reallaşdırılması üçün $489 mln. cəlb edilib. Etilen, propilen və hidrogen istehsalı üçün əsas xammal təchizatçısı kimi SOCAR çıxış edəcək”, - deyə məlumatda vurğulanır.
Hazırda layihənin reallaşdırılması istehsal obyektlərinin inşası mərhələsindədir. Layihəyə əsasən, inşaat işləri 2018-ci ildə başa çatdırılacaq və artıq həmin ilin I yarısında “SOCAR Polymer”in ilk məhsulu hazır olacaq.
Şirkətin kredit ödəmə qabiliyyətinin yüksək qiymətləndirilməsi layihənin yüksək gəlirliliyə və maliyyə sabitliyinə malik olması, “SOCAR Polymer”in əsas maliyyə axınlarının balanslaşdırılması ilə bağlıdır. Bundan başqa, şirkətə müvəqqəti vergi güzəştlərinin tətbiqi, həmçinin SOCAR-ın onun nizamnamə kapitalında və ümumilikdə layihədə iştirak etməsi “SOCAR Polymer”ə bu reytinqin verilməsinə səbəb olub.
“Polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının tikintisi və istismara verilməsi layihəsi, istehsal olunacaq məhsullar yüksək gəlirlilik vəd edir. Layihənin xalis dəyəri (Net Present Value) $481 mln., onun reallaşdırılması ilə əldə olunan xalis mənfəətin ümumi məbləği isə $3,769 mlrd. həcmində qiymətləndirilir”, - deyə agentlik qeyd edir.
Layihə üzrə daxili gəlirliliyin maksimal həddi (Internal Rate of Return) 17,9% təşkil edir ki, bu da qoyulmuş vəsatin 6 il ərzində geri qaytarılmasına imkan verir. “Bu, 20 ildən artıq istismar müddəti nəzərdə tutulmuş zavodlar üçün kifayət qədər yüksək göstəricidir”, - deyə məlumatda deyilir.
“SOCAR Polymer”in reytinqinin yüksək qiymətləndirilməsində əhəmiyyətli rolu layihə üzrə pul axınlarının balanslaşdırılması, çəkilmiş xərclərə görə gəlirlərin artması və maliyyə sabitliyidir. “Bu layihənin reallaşdırılacağı dövrdə pul axını $3,6 mlrd.-dan çox olacaq. Layihə üzrə illik maliyyə sabitliyi əmsalı isə 2015-ci il də daxil olmaqla 0,93-dən aşağı olmayacaq”, - deyə agentlik qeyd edir.
“SOCAR Polymer”in maliyyə axınlarının balanslaşdırılması və yüksək maliyyə sabitliyinə malik olması Şirkətin cəlb etdiyi kreditlərə və aldığı borclara problemsiz xidmət göstərmək üçün kifayət qədər geniş imkanlara malik olduğunu göstərir. Belə ki, layihə üzrə borcların bağlanması üçün orta illik əmsal 7,4 təşkil edir. Faizlərin ödənilməsi üçün minimal əmsalın 2018-ci ildə 1,4 olacağı, 2024-cü ilədək isə sürətlə artaraq 24,2-yə çatacağı gözlənilir.
“SOCAR Polymer”ə 2020-ci ilə qədər 7 illik müddətə vergi güzəştlərinin verilməsi də mühüməhəmiyyət kəsb edir. Şirkətin bu müddətdə mənfəət, əmlak, torpaq vergilərindən, eləcə də texnoloji avadanlıqların idxalı üçün gömrük rüsumlarından azad edilməsi çox əhəmiyyətlidir. Vergi güzəştləri layihənin reallaşdırılması üçün əlavə maliyyə imkanları yaradır”, - deyə agentlik vurğulayır.
“SOCAR Polymer”in kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı narahatlıq doğuran məqamlar isə uzunmüddətli perspektivdə, o cümlədən davam edən iqtisadi böhran şəraitində bu məhsullara tələbatın və onların qiymətinin proqnozlaşdırılmasının çətinliyi ilə bağlıdır. Çünki “SOCAR Polymer” hələ istismara verilməyib, layihənin başlanğıc mərhələsində isə yüksək borc yükü mövcuddur.
Layihənin əməliyyat fazası 2018-ci ildə başlanacaq və 2037-ci ildə başa çatacaq. Davam edən iqtisadi böhran şəraitində “SOCAR Polymer”in məhsullarına tələbatı və onların neçəyə satılacağını proqnozlaşdırmaq çətindir. Bu, məhsulların istehsal həcmi və əldə olunacaq mənfəətlə bağlı müəyyən risklər yaradır və gələcəkdə kredit ödəmə qabiliyyətliliyinə təsir edə bilər.
Hazırda “SOCAR-Polymer” yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarının 2018-ci ildə işə salınması planlaşdırır. Polipropilen zavodunun maksimal gücü ildə 180 min ton, polietilen zavodunun maksimal gücü ildə 120 min ton məhsul istehsal etməyə imkan verəcək.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Nizamnamə kapitalı $100 mln. təşkil edir. 2013-cü ilin sonlarından müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i “PAŞA Holdinq”, “Gilan Holding” və “Azersun Holding”ə məxsusdur. **
A.Əzizov