Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilməsi ölkədə davam edən idarəçilik islahatları kontekstində dəyərləndirilməlidir. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müaviniƏli Əhmədov belə hesab edir.
“Sözügedən dəyişikliyin motivlərinə gəldikdə isə ilk növbədə, onun ölkədə həyata keçirilməkdə olan idarəçilik islahatları kontekstində dəyərləndirilməsinin gərəkli olduğu vurğulanmalıdır. Nəzərdə tutulan idarəetmə islahatları kompleks xarakter daşıyır və onun daxili məntiqi tam dəyişikliklər dəstinin gerçəkləşdirilməsini şərtləndirir”, - deyə o, “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Ə.Əhmədov qeyd edib ki, bu məsələdə həm daxili, həm də xarici çağırışlar nəzərə alınmalıdır.
«Nəzərə alınmalıdır ki, Azərbaycan bəşəriyyətin nizamını pozan, ciddi təlatümlərlə müşayiət olunan bəhs etdiyimiz hadisələrin cərəyan etdiyi coğrafiyadan çox da uzaqda deyil.
Beləliklə, həm daxili, həm də beynəlxalq aləmdə səbəblər toplusu geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Bu islahatların keçirilməməsi, hətta gecikməyə yol verilməsi ölkəmizin daha ciddi çağırışlarla üz-üzə qalmasına gətirib çıxara bilər.
Sübut etməyə elə bir ehtiyac yoxdur ki, dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini sadəcə olaraq qaçılmaz edir. Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək”, - deyə baş nazirin müavini vurğulayıb.
Onun sözlərinə görə, çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür.
«Mən bu təşəbbüsü böyük hədəflərə yönəlmiş və vaxtında atılmış addım hesab edirəm. Əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir”, - deyə ə.Əhmədov qeyd edib.
Qeyd edək ki, iyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi təklif olunur.
Konstitusiyanın 100-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər) yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur. Hazırda yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Bundan başqa, dəyişikliklər çərçivəsində prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması nəzərdə tutulur (hazırda 5 ildir).
Təklif olunan digər dəyişikliklərə əsasən dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə elan edə bilər. Prezident vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilmə müddətinin 30 aydan 60 günədək azaldılması təklif olunur.
Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.
Konstitusiya Məhkəməsi iyulun 25-də keçirilən iclasda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı Referendum Aktı layihəsini qəbul edib.
Referendum sentyabrın 26-da keçiriləcək və onun nəticələri oktyabrın 21-dək açıqlanacaq.*
F.İsazadə