Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 900 dolların qeyri-qanuni yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Bakı-Yekaterinburq aviareysi ilə Rusiyaya getmək üçün Heydər Əliyev Beynəlxalq aeroportuna gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə saxlanılaraq şəxsi yoxlamaya dəvət olunub. Qanunvericiliyə uyğun olaraq həyata keçirilən şəxsi yoxlama zamanı onun üzərindən əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və ya yazılı formada bəyan edilməyən $18,6 min aşkar edilib”, - deyə məlumatda bildirilir.
Bakı-Dubay aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn digər Azərbaycan vətəndaşı isə şifahi formada bəyan etdiyi 10 min dollardan başqa üzərində xarici valyutanın və ya digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Yoxlama zamanı həmin şəxsin üzərindən $19,3 min aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.*
F.İsazadə