Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 77,2 mln. manat ümumi məbləğdə güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
2016-cı ilin əvvəlindən fondun vəsaitləri hesabına 1,423 min layihə maliyyələşdirilib. Bu 3,4 mindən artıq yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF cümə axşamı Qusar rayonunda sahibkarlığa dövlət dəstəyi ilə bağlı tədbir keçirib. İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlar 2,2 minə yaxın investisiya layihəsinin reallaşdırılmasına 173,1 mln. manat məbləğində kredit əldə ediblər.
“Tədbir çərçivəsində cümə axşamı 45 sahibkarlıq subyekti ümumilikdə 622 min manat güzəştli kredit əldə edib. Kredit vəsaitləri heyvandarlıq, quşçuluq, taxılçılıq, balıqçılıq və digər sahələrdə layihələrin icrası üçün ayrılıb. Bu layihələrin icrası 50-dən artıq iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat kredit verilib. 2016-cı ildə Fondun vəsaitindən kreditləşmənin həcmi 250 mln. manat həcmində planlaşdırılır. **
A.Əzizov