Son günlərdə "Petkim Petrokimya Holding"in müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub. Bu barədə “Anadolu” agentliyinə "SOCAR Türkiye" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.
““SOCAR Turkey Energy” və strukturların yenidən təşkili prosesi davam edəcək. Bu proses çərçivəsində 2016-cı il iyulun 27-də Sadettin Korkud “Petkim” şirkətinin baş direktoru kimi səlahiyyətlərini Anar Məmmədova ötürüb. Şirkətin fəaliyyətində daha çox dinamikliyə nail olunmasına yönəlmiş yenidən təşkil prosesində müxtəlif departamentlərin 27 əməkdaşı ilə bağlanmış əmək müqavilələrinə xitam verilib”, - deyə V.Əliyev qeyd edib.
Onun sözlərinə görə, “Petkim” SOCAR üçün vacib investisiya layihəsidir. ““SOCAR Turkey Energy”nin müxtəlif departamentlərində yenidən təşkil prosesi çərçivəsində 4 əməkdaş şirkətlə yollarını ayırıb”, - deyə sədr əlavə edib.
V.Əliyev vurğulayıb ki, SOCAR-ın Türkiyədə həyata keçirilən layihələrə investisiyaları $18 mlrd. həcmində qiymətləndirilir və bu layihələr çərçivəsində 40 min yeni iş yeri yaradılacaq. "Beləliklə, şirkət Türkiyəyə sərmayə yatıran ən iri xarici investordur", - deyə o söyləyib.
Xəbər verildiyi kimi, S.Korkut Fətullah Gülən hərəkatı ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb.
Türkiyə mətbuatı yazır ki, "SOCAR Turkey Energy” şirkətinin F.Gülən hərəkatı ilə əlaqəsi olan bir neçə yüksək vəzifəli əməkdaşı da istefa verib.*
A.Əzizov