Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətinə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri barədə məlumat verib.
“E.Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mahiyyəti və qarşıya qoyulan hədəflərdən söz açdı və ölkəmizin bu istiqamətdə atdığı addımları sadaladı”, - deyə nazirliyin mətbuat xidməti bildirir.
O həmçinin qonaqlara Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr barədə məlumat verdi.
E.Məmmədyarov bu layihələrin iştirakçı dövlətlərə, ümumilikdə bütün regiona verəcəyi töhfələri izah etdi.
Nazir həmçinin Bakı və London arasında əməkdaşlıq edilən əsas sahələr və inkişaf perspektivləri barədə nümayəndə heyətinə ətraflı məlumat verdi.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və bu münaqişənin həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunan E.Məmmədyarov, Bakının rəsmi mövqeyini bir daha Britaniyalı deputatların diqqətinə çatdırdı. **
F.İsazadə