Dehli Azərbaycanın regionda sülh, sabitlik və enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələri yüksək qiymətləndirir. Bu barədə Hindistanın xarici işlər nazirinin müavini Sucata Mehta bəyan edib.
“Hindistan Azərbaycanın regionda təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələri yüksək qiymətləndirir”, - deyə XİN-in mətbuat xidməti S.Mehtanın sözlərindən sitat gətirir.
Cümə axşamı Bakıda Azərbaycan və Hindistan arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Hindistanı isə Sucata Mehta təmsil ediblər.
S.Mehta Hindistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam şəkildə dəstəklədiyini ifadə edərək, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dinc yolla həllinə tərəfdar olduğunu bildirib.
Diplomat Hindistanın Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq etmək niyyətini ifadə edib, siyasi dialoqun davamlı olmasında ölkəsinin də maraqlı olduğunu nəzərə çatdırıb.
“Enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb edir. Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərirlər”, - deyə S.Mehta bildirib.
Bundan başqa, qonaq kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə İnformasiya Texnologiyaları Mərkəzinin yaradılmasının mümkünlüyünü bildirib. Nazir müavini, həmçinin alternativ enerji və əczaçılıq kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, ölkəsi Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışlayır.
Öz növbəsində, X.Xələfov Azərbaycan ilə Hindistan arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edib.
“Siyasi məsləhətləşmələrin növbəti mərhələsinin münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət edir”, - deyə məlumatda X.Xələfovun sözlərindən sitat gəirir. O, ölkələr arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb. X.Xələfov hər iki ölkənin parlamentariləri arasında təmasların artırılmasının vacibliyini qeyd edib.
O, Şimal-Cənub nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan nazir müavini sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkün olduğunu bildirib.
F.İsazadə