SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi “Günəşli” yatağının 7 saylı dəniz özülündə ilk quyunu istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
Yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2753-2716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Xəbər verildiyi kimi, SOCAR 2016-cı il martın 14-də “Günəşli” yatağında 7 saylı dəniz özülünü istismara verib. Özül dənizin 148 metr dərinliyində quraşdırılıb. Özüldə 6 qaz və 14 neft quyusunun qazılması nəzərdə tutulur.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.*
A.Əzizov