Qaradağ Sənaye Parkına ümumi investisiyalar 450 mln. manat təşkil edib. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bəyan edib.
“Qaradağ Sənaye Parkında layihələrə investisiyalar 450 mln. manat təşkil edib. Həmin layihələr çərçivəsində 2 min iş yeri açılıb”, - deyə N.Səfərov cümə günü bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda ölkənin müxtəlif regionlarında sənaye parkları və məhəllələrin yaradılması üzrə işlər aparılır.
Xüsusilə, Mingəçevir Sənaye Parkının yaradılması üzrə işlər gedir. “Burada 2 min iş yerinin açılması planlaşdırılır”, - deyə o əlavə edib.
Nazir müavini vurğulayıb ki, Neftçala sənaye məhəlləsində layihələrə investisiyalar 40 mln. manat həcmində qiymətləndirilir. Hazırda məhəllədə zəruri avadanlığın quraşdırılması işləri aparılır.
Masallı sənaye məhəlləsində fəaliyyət məqsədilə sahibkarlar 33 layihə təqdim ediblər. Bu layihələrə investisiyalar 31 mln. manat məbləğində qiymətləndirilir.
2015-ci ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Qaradağ Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.
Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir. **
F.İsazadə