Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət Silahlı Qüvvələrin əlahiddə mühəndis-istehkam hərbi hissəsinə gəlib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
“Nazirə bildirilib ki, birbaşa təyinatları üzrə praktik fəaliyyətləri üçün bölmələr mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika, xüsusi avadanlıq və vasitələrlə təmin olunub”, - deyə məlumatda deyilir.
Sonra müdafiə naziri hərbi hissənin silahlanmasında olan xüsusi texnikalara baxış keçirib.
Z.Həsənov həmçinin yeni inşa edilərək müvafiq avadanlıqlarla tam təmin edilmiş əsgər yataqxanaları, tibb məntəqəsi, ərzaq anbarları, döyüş texnikası parkı və digər tikililərə baş çəkib.
Həmin gün Z.Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospitalda görülən işlərlə tanış olub.
Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, bu müəssisə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və inşaat işlərinin yekununda müasir tibbi avadanlıqlarla tam təmin olunacaq
Müdafiə naziri tikintinin gedişi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edilir ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir. **
F.İsazadə