Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının sədri təyin edilib. Bu barədə fondun məlumatında deyilir.
Qeyd edək ki, iyulda Şuranın tərkibində dəyişiklik edilib və onun üzvlərinin sayı 7 nəfərədək artıb.
Şurada, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına Palatanın Strateji təhrik və risklərin idarə edilməsi şöbəsinin müdiri Asim Zülfüqarov, Mərkəzi Bankın Makroiqtisadi araşdırmalar departamentinin direktoru Şaiq Adıgözəlov, İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov, "Kapital Bank"ın Müşahidə Şurasının sədri Cəlal Qasımov, Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə heyətinin sədri Elmar Məmmədov təmsil olunub.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
A.Əzizov