2014-cü ildən etibarən Azərbaycanda nikaha daxil olan vətəndaşların icbari tibbi müayinəsi nəticəsində 7,503 nəfərin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Respublika Talassemiya Mərkəzinin hesabatında deyilir.
“2014-cü ildən bəri 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb”, - deyə məlumatda qeyd olunur.
2016-cı ilin I yarısında Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub. Onlardan 1630 müraciət ilkin müraciətlərdir. Dispanser qeydiyyatına alınanların sayı 142 nəfərdir.
Hazırda Mərkəzdə dispanser qeydiyyatında 2729 xəstə var ki, onlar da müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir.
2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub.
Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatında olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.*
R.Babayev