Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortası üçün şirkət seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, iştirakçılar son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı, iddiaçının 2015-ci il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı və 2016-cı ilin rüblük maliyyə hesabatlarının surətləri, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış təqdim etməlidir.
Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənədi, iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surətini Tender Komissiyasına təqdim etməlidir.
Qiymətləndirmə meyarlarına maliyyə amili və xidmətlər paketi üzrə sığorta şərtləri daxildir.
Xidmətin göstərilməsinə başlanma vaxtı 27 noyabr 2016-cı il tarixi, xidmətin göstərilmə müddəti12 aydır.
Tenderdə iştirak haqqı 150 manatdır. Təkliflər sentyabrın 14-dək qəbul olunacaq. Tender proseduru sentyabrın 15-də keçiriləcək.
Hazırda AMB-nin əməkdaşları “Azsığorta” şirkəti tərəfindən sığortalanıb.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığımına görə aparıcı şirkətlərin beşliyinə daxildir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir.*
N.Abbasova