Çərşənbə axşamı prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezini qəbul edib. Bu barədə dövlət başçısının sahytında məlumat verilir.
Görüşdə İ.Əliyev Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu, demək olar ki, bütün sahələri əhatə etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu dedi. Ölkələr arasında münasibətlərin genişləndirilməsində M.Vaezinin rolunu xüsusi qeyd edən prezident onun fəaliyyətini yüksək qiymətləndirdi.
Özünün bu yaxınlarda İrana və İranın prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərə gələcəyini məmnunluqla qeyd edən İ.Əliyev bunu ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının və dinamik şəkildə inkişaf etməsinin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə edildi, energetika, neft-qaz, nəqliyyat, sərmayə qoyuluşu, maliyyə, bank, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. **
N.Abbasova