Azərbaycan və Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu barədə rəsmi mətbuatda məlumat verilir.
Sənədi Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri imzalayıblar.
M.Quliyev qonağa ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf, habelə mühüm beynəlxalq layihələrin həyata keçirilməsi və bu yöndə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, ölkələr arasında yüksələn xətlə inkişaf edən sıx dostluq münasibətləri dövlətlərin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.
Öz növbəsində, V.Qomelauri ümumi təhdidlərə qarşı mübarizədə ölkələrimizin aidiyyəti orqanlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi önəm daşıdığını bildirib.
Görüşdə həmçinin təhlükəsizlik məsələlərinə dair qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, o cümlədən bu sahədə fəaliyyətin səmərəli təşkili üzrə təcrübə və məlumat mübadiləsinin intensivləşdirilməsi barədə müzakirələr aparılıb. **
F.İsazadə