19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçiriləcək. Bu barədə “İnterfaka-Azərbaycan” agentliyinə sərginin təşkilatçısı olan “Iteca Caspian” şirkətindən məlumat verilib.
“BIHE” iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edir. Hazırda iştirakçıların siyahısında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrdən 120-dən çox şirkət var. Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribyutorları da iştirak edəcək.
Ümumilikdə, bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər. İlk dəfə olaraq sərgidə yeni sektor “Klinika” təqdim olunacaq.
Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Almaniya, Estoniya, Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzlərinin iştirakı gözlənilir. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcəkdir. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.
“BİHE” sərgisi ilə bərabər 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və 1-0-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgisi keçiriləcək. **
R.Babayev