Prezident İlham Əliyev avqustun 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına layihənin icrası ilə bağlı məlumat verdi. Bildirildi ki, burada ümumi uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Minimal eni 4 metr olan küçələr 19 metrə qədər genişləndiriləcək.
Bundan başqa, yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları - su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.
Bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Bildirilib ki, 3827 yaşayış və qeyri-yaşayış sahəsi sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə, 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunublar. Hazırda 249 obyektin söküntüsü davam edir.*
F.İsazadə