Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 78,3 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
2016-cı ilin əvvəlindən fondun vəsaitləri hesabına 1,46 min layihə maliyyələşdirilib. Bu isə 3,5 mindən artıq yeni iş yerinin açılmasına imkan verəcək.
Avqustun 4-də SKMF Sabirabad rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12,4 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 488 mln. manat güzəştli kredit verilib.
“İşgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 55 sahibkara 833 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, taxılçılıq, balıqçılıq, meyvə şirələrinin istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.*
N.Abbasova