Azərbaycan və İran jurnalistləri Xəzəryanı ölkələrin media təmsilçilərinin bir araya gətirilməsində mühüm rol oynaya bilərlər. Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovbelə hesab edir.
«Azərbaycan və İran jurnalistləri Xəzəryanı ölkələrin media təmsilçilərini bir araya gətirmək üçün imkanlara malikdirlər”, - deyə o, İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi ilə görüşdə bildirib.
MŞ sədri vurğulayıb ki, iki ölkənin əlaqələri indiki kimi geniş və əhatəli olmayıb. Son illər ərzində müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan mühüm sənədlərə imza atılıb.
Ə.Amaşovun sözlərinə görə, hər iki ölkənin xalqlarında ictimai təsəvvürlərin formalaşmasında media, jurnalistlər aparıcı qüvvə olaraq qalır.
O deyib ki, səfirlik rəsmisi ilə görüşdə məqsəd bu günədək həmin sahədəki vəziyyətə təhlili nəzər salmaq, daha da inkişafına xidmət edəcək tədbirləri və onların reallaşdırılması yollarını müəyyənləşdirməkdir. Şura sədri «Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2016-2018-ci illər üçünmədəniyyət, incəsənət və turizm üzrə Mübadilə Proqramı» layihəsinin də bu işlərin əlaqələndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
M.Nəcəfli MŞ sədrinin təşəbbüsünü dəstələyərək bildirib ki, bu işə elə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun yaradılmasından başlamaq, sonra digər Xəzəryanı ölkələrin də media təmsilçilərini bir araya gətirmək effektiv olardı.
Tərəflər iki ölkənin mətbu orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.*
F.İsazadə