Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Gəncədə və 23 rayonda əlil və şəhid ailələri üçün 64 fərdi evin inşası üzrə podratçıları müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
«Bu işlərin yerinə yetirilməsi üçün 4 şirkətlə ümumilikdə 4 mln. 339,3 min manat dəyərində podrat müqavilələri bağlanıb», - deyə məlumatda bildirilir.
“Tala Tikinti” MMC ilə Azərbaycanın 6 rayonunda 16 fərdi evin tikintisinə dair 1 mln. 70,6 min manat dəyərində müqavilə imzalanıb.
“Olimp-S” MMC ilə bağlanmış 1 mln. 218,7 min manat dəyərində müqavilə 6 rayonda və Gəncədə 18 fərdi evin tikintisini nəzərdə tutur.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Şahbulaq Kommersiya, İnşaat və Ticarət” MMC ilə 4 rayonda 15 fərdi evin tikintisi haqqında 1 mln. 677 manat dəyərində müqavilə və “Arsenal-E” MMC ilə 7 rayonda 15 fərdi evin inşası haqqında 1 mln. 49,3 min manat dəyərində müqavilə bağlayıb.*
R.Babayev