Vergilər Nazirliyi digər dövlətlər arasında maliyyə məlumatlarının mübadiləsi üzrə hökumətlərarası müqavilələrin bağlanmasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Bu tədbir ölkənin hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarətinin həyata keçirilməsinə yönəlib. Bununla əlaqədar, Vergilər Nazirliyi digər dövlətlər arasında maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanmasını planlaşdırır”, - deyə nazirlikdən qeyd ediblər.
Bundan başqa, nazirlik vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanmasını planlaşdırır.
Bu tədbirlərin həyata keçirilməsi Azərbaycan prezidenti İlham Əliyevin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında imzaladığı sərəncamda nəzərdə tutulur. **
N.Abbasova