Rusiya prezidenti Vladimir Putin Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa çalışması ilə bağlı Moskvanın ünvanına səsləndirilən ittihamları rədd edib və Rusiya, ABŞ və Fransanın Minsk qrupu çərçivəsində səylərini yüksək qiymətləndirib.
"Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır. Bu, yanlış təsəvvürdür”, - deyə o, AzərTAc dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
V.Putin vurğulayıb ki, Rusiya prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, - onların sayı iyirmidən çoxdur, - münaqişənin tənzimlənməsi üzrə ATƏT-in həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır.
“Sankt-Peterburqda yuxarıda adı çəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində Amerika və Fransa nümayəndələri də iştirak ediblər. Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə İlham Heydər oğlu Əliyevin və Serj Azatoviç Sarkisyanın görüşünə Rusiyanın xarici işlər naziri Sergey Viktoroviç Lavrov və Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Arlem Dezir dəvət ediliblər”, - deyə RF prezidenti əlavə edib.
“Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmalarına birgə səylərlə kömək edə biləcəyik”, - deyə o qeyd edib.*