Rusiya və Azərbaycan əmtəə dövriyyəsinin azalması ilə bağlı vəziyyətdə hələlik dönüş edə bilməyib, ancaq əminik ki, biz tərəfdaşlar kimi sıx birgə fəaliyyət göstərməklə qarşılıqlı ticarəti davamlı artım trayektoriyasına çıxara biləcəyik. Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
“Dünya iqtisadiyyatının mürəkkəb, əlverişsiz konyunkturu həqiqətən bizim işgüzar əlaqələrə də təsir göstərib”, - deyə V.Putin AzərTAc dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
O, Federal Gömrük Xidmətinin məlumatına istinadən qeyd edib ki, 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2014-cü ildəki 4 milyard dollarla müqayisədə 30 faiz azalaraq 2,8 milyard dollara düşüb.
“Bu il vəziyyətdə hələlik dönüş edə bilməmişik: yanvar-may aylarının yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 568,5 milyon dollar olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz azdır”, - deyə RF prezidenti bildirib.
“Əminik ki, biz tərəfdaşlar kimi sıx birgə fəaliyyət göstərməklə qarşılıqlı ticarəti davamlı artım trayektoriyasına çıxara biləcəyik”, - deyə o vurğulayıb.
V.Putin hesab edir ki, Rusiya bazarında tələbat duyulan Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya satışının, həmçinin Rusiyadan Azərbaycana əkin sahələrinin genişləndirilməsi üçün zəruri olan gübrə və kənd təsərrüfatı texnikası ixracının artırılması qarşılıqlı ticarətin genişlənməsində mühüm rol oynaya bilər.
“Hesab edirik ki, “Uralvaqonzavod” tərəfindən Azərbaycana dəmir yolu nəqliyyatı göndərilməsi, “Krasnoye Sormovo” zavodu tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün iki tankerin tikintisi və çatdırılması, Rusiyanın “R-Farm” şirkətlər qrupunun iştirakı ilə birgə əczaçılıq istehsalatının təşkili üzrə planlar tam həcmdə yerinə yetiriləcək”, - deyə o söyləyib.
Dövlət başçısının sözlərinə görə, nəqliyyat, maliyyə, sığorta, telekommunikasiya, mədəniyyət və istirahət sahələrində xidmətlərin qarşılıqlı ticarətinin genişlənməsi ticari-iqtisadi əlaqələrin inkişafının daha bir mühüm istiqaməti ola bilər. Bu sahələr elə indi əmtəə dövriyyəsinin ümumi göstəricilərinə təxminən 20 faiz – 0,5 milyard dollar əlavə edir.
“Əmtəə dövriyyəsinin azalması fonunda dövlətlərimizin investisiya sahəsində əməkdaşlığı tamamilə sabit inkişaf edir. Rusiyanın Azərbaycana birbaşa investisiyaları 1,4 milyard dollara yaxındır”, - deyə V.Putin əlavə edib.*