Rusiya prezidenti Vladimir Putin iyun ayında Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sammitdə nümayiş etdirdikləri konstruktiv əhval-ruhiyyəni alqışlayıb. V.Putin bu danışıqlar prosesinin son məqsədlərinə dair öz fikirlərini bildirib.
“Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun”, - deyə V.Putin “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
O vurğulayıb ki, “biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir”, - deyə V.Putin bəyan edib.
Rusiya prezidentinin qeyd etdiyi kimi, “kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların
təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur”.
“Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq”, - deyə V.Putin qeyd edib.
O bəyan edib ki, “Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır”.
“Biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin. Bunun üçün nə mümkündürsə edirik”, - deyə V.Putin bildirib.
Rusiyanın Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasına töhfəsi barədə danışarkən, V.Putin xatırladıb ki, 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. “Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir”.
V.Putin vurğulayıb ki, “bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb”. **