Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 2016-cı ilin yanvar-iyul aylarında 1,69 mln. sərnişinə xidmət göstərib. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir.
Bu müddət ərzində hava limanının yük terminalı vasitəsilə 8,9 mln. ton yük daşınıb ki, bunun da 88 %-i yüklərin, 12 %-i isə poçt göndərişlərinin payına düşür.
“İyul ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 391 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur. Hava limanının sərnişin dövriyyəsinin əsas artımı beynəlxalq aviadaşımaların hesabına baş verib”, - deyə məlumatda bildirilir.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat Bakıdan İstanbula, Moskvaya və Dubaya olub. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və BƏƏ hava yolları ümumilikdə il ərzində bu istiqamətlərdə təqribən 800 min sərnişin daşıyıb. Türkiyənin məşhur kurortları olan Antalya, Bodrum, İzmir və Dalamana sərnişin dövriyyəsi bu il ərzində 56,5 min nəfər təşkil edib.
“Azərbaycan Hava Yolları”nın daxili reyslərindən 302 sərnişin istifadə edib (2015-ci il illə müqayisədə 8 % artım). Həmin sərnişinlərin 292 min nəfəri Bakı-Naxçıvan marşrutunun payına düşür.
Heydər Əliyev adında Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı il ərzində 9 mln. sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub.*
N.Abbasova