Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalması sərhəd təhlükəsizliyinə əsas təhdiddir. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bəyan edib.
“İşğal olunmuş ərazilər transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edilir, mövcud vəziyyət sərhəd təhlükəsizliyinə əsas təhdiddir”, - deyə E.Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşdə bildirib. Bu barədə DSX-nin mətbuat xidməti məlumat verib.
E.Quliyev vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurdlarından didərgin düşüb.
Görüşdə BMT-nin müvafiq qurumları ilə DSX arasında uzun müddət ərzində həyata keçirilən əməkdaşlığa nəzər salınıb, münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar barədə fikir mübadiləsi aparıblar. **
R.Babayev