Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkəmizdə futbolun inkişafına dəstək vermək məqsədilə dünyanın ən məşhur futbol klublarından “Yuventus”-la əməkdaşlığa başlayır.
“İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk növbədə, “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılacaq”, - deyə bankın məlumatında deyilir.
Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.
“Bütün dünyada məşhur olan “Yuventus” klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq çevrədə təbliği baxımından da geniş imkanlar açır. Belə ki, bu əməkdaşlıq çərçivəsində Bank reklam və təbliğat məqsədilə “Yuventus” brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək. Azərbaycan Beynəlxalq Bankı Azərbaycan idmanının inkişafına dəstək layihələrini bundan sonra da davam etdirməkdə qərarlıdır”, - deyə məlumatda bildirilir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 82,23% təşkil edir.*
A.Əzizov