“Dekabank” ASC, “Parabank” ASC, “Zaminbank” ASC və “Kredobank” ASC-nin qorunan əmanətçiləri 20,9 mln. manat məbləğində kompensasiya alıblar. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) məlumatında deyilir.
“1 avqust 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondu 22 iyu tarixində lisenziyaları ləğv olunan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Nəticədə, avqustun 8-nə qeyd ounan bankların əmanətşiləri 20,9 mln. manatdan artıq ümumi məbləğdə kompensasiya alıblar”, - deyə məlumatda vurğulanır.
Məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 8,1 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 9,1 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 2,2 mln. manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,4 mln. manatdan artıq kompensasiya ödənilib.
Xəbər verildiyi kimi, əhalinin qeyd olunan banklardakı əmanətləri 110,714 mln. manat məbləğində qiymətləndirilir .
“Zaminbank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi məbləği 36,35 mln. manatdır. Bankın qorunan əmanətçilərinin ümumi sayı 10,742 min nəfər təşkil edir.
“Kredobank”da 4,542 min nəfərə 27 mln. 768 min manat, “Parabank»da 18,97 min nəfərə 46,788 mln. manat, “Dekabank”da 133 nəfərə 2,807 mln. manat kompensasiya ödəniləcək.
Maliyyə Bazarlarına Nəzarət PalatasınınDirektorlar Şurasının qərarına əsasən 22 iyul tarixindən etibarən “Dekabank”, “Parabank”, “Zaminbank” və “Kredobank”ın bank lisenziyaları ləğv edilib. Bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.**
N.Abbasova