Prezident İlham Əliyev Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı məktubu göndərib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə məktubda bildirilir.*
F.İsazadə