2016-cı ilin I yarısında bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli ilin əvvəlinə olan göstərici ilə müqayisədə 13,7% - 15 mlrd. 697 mln. 564,5 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il yanvarın 1-nə Bakıda borcalanlara verilmiş kreditlərin həcmi 18 mlrd. 176 mln. 1,1 min manat təşkil edib.
Ümumilikdə paytaxtda banklar tərəfindən kreditlər orta hesabla illik 9,8%, respublika üzrə isə 11,2% dərəcəsi ilə verilir.
2016-cı il iyulun 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 7 mlrd. 707 mln. 156,4 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 7 mlrd. 990 mln. 408,1 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 11,1%-ə, xarici valyuta ilə 8,5%-ə bərabərdir.
1 iyul tarixinə regionlarda banklar tərəfindən müştərilərin kreditləşmə həcmi 2 mlrd. 736 mln. 652,9 min manat (azalma 22,8%) təşkil edib.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Aran iqtisadi rayonunda 719,04 mln. manat (orta faiz dərəcəsi illik 21,2%), Abşeron iqtisadi rayonunda 580 mln. 825,1 min manat (16,2%), Gəncə-Qazax iqtisadi rayonunda 584 mln. 462,8 min manat (18,9%), Lənkəran iqtisadi rayonunda 232 mln. 520,3 min manat (21,8%) həcmində kredit verilib.
Kreditləşmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.*
N.Abbasova