Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 91,5 mln. manat ümumi məbləğdə güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
2016-cı ilin əvvəlindən fondun vəsaitləri hesabına 1,542 min layihə maliyyələşdirilib. Bu isə 4,6 mindən artıq yeni iş yerinin açılmasına imkan verəcək.
Avqustun 9-da SKMF Bakının Binəqədi rayonunda sahibkarlığın dövlət dəstəklənməsi üzrə tədbiq təşkil edib. İndiyədək Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlara 1,284 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 326,4 mln. manat kredit verilib.
“Tədbir çərçivəsində 20 sahibkarlıq subyektinə 3,2 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, quşçuluq, istilik komplekslərinin, çörək və un, plastik məmulatların istehsalı və s. sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 170 yeni iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.**
N.Abbasova