Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığın 25 illiyini oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında təşkil olunacaq “Avropa Şəhərciyi 2016” festivalı ilə qeyd edəcək.
“Bu il Aİ-nin Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbir çərçivəsində qeyd edirlər. Tədbirlərdən biri 2013-cü ildən etibarən ardıcıl olaraq İçərişəhərdə keçirilən “Avropa Şəhərciyi” tədbiridir”, - deyə nümayəndəliyin məlumatında bildirilir.
“Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.
“Avropa Şəhərciyi 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaq.
Festivala gələn qonaqlar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, pizza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu yaxından izləyə biləcəklər.
Tədbirdə xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular təşkil olunacaq.
Festival Avropadan dəvət olunmuş estrada ulduzunun möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.*
F.İsazadə