Azərbaycanda istehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlar üçün mənfəət (gəlir) və əlavə dəyər vergisinin dərəcələri aşağı salınacaq. Bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev çərşənbə günü mətbuat konfransında deyib.
“Bununla əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsivə bu sahədə vergi inzibatçılığının yüngülləşdirilməsi nəzərdə tutulur”, - deyə İ.Vəliyev bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan prezidentinin imzaladığı sərəncamda müəyyən edilmiş islahatların başlıca istiqamətləri biznes mühitinin bir qədər də yaxşılaşdırılması, vergi qanunvericiliyinin sahibkarlığın aparılması üçün daha əlverişli şərtlərin yaradılması və sahibkarların hüquqlarının genişləndirilməsi ilə bağlı müddəaları, həmçinin vergitutma bazasının genişləndirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır.
İ.Vəliyev həmçinin məlumat verib ki, bir sıra istehlak mallarının qiymətlərinin ƏDV-nin differensiallaşdırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər hazırlanacaq.
“Biz bu sahədə beynəlxalq təcrübəni öyrənəcəyik. Əsasən, beynəlxalq təcrübədə belə mallara uşaq qidaları, məktəbli ləvazimatları, dərman vasitələri, əlillər üçün tibbi məhsullar və avadanlıqlar, kitablar və bir sıra xidmət növləri daxildir”, - deyə o bəyan edib.
Avqustun 4-də prezident İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb. **
N.Abbasova