Vergilər Nazirliyi nağdsız ödənişlərin stimullaşdırılması üçün vergi güzəştləri tətbiqi imkanını istisna etmir. Bu barədə çərşənbə günü mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev bəyan edib.
“Nağdsız ödənişlərin stimullaşdırılması üçün nazirlik tərəfindən bir neçə yenitəklif hazırlanıb. Təkliflərdən biri nağdsız ödənişlərə vergi güzəştləri ilə bağlıdır. Bundan başqa, digər təklif budur ki, 1000 manatdan yuxarı bütün ödənişlər nağdsız olmalıdır, - deyə İ.Vəliyev qeyd edib.
Nazir müavini həmçinin məlumat verib ki, artıq 2017-ci ildə nazirlik elektron ticarəti vergitutmaya cəlb etməyi planlaşdırır.
O qeyd edib ki, 3 ay müddətində vergi qanunvericiliyinə müvafiq düzəlişlər hazırlanmalıdır.
“Beləliklə, artıq gələn il elektron ticarətin vergitutmaya cəlb olunması mümkün olacaq”, - deyə nazir müavini vurğulayıb.
“Tax Free” sisteminə toxunan İ.Vəliyev qeyd edib ki, 2016-ci ilin iyun ayında H.Əliyev adına hava limanında tətbiqinə başlanandan etibarən xarici vətəndaşlara 104 min manatdan artıq artıq məbləğdə ƏDV qaytarılıb.
“Bu, qeyd olunan sistemin yüksək tələbatından xəbər verir”, - deyə İ.Vəliyev vurğulayıb. **
N.Abbasova