2016-cı ilin I yarısında Azərbaycanda sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ümumi sığorta haqları 21 mln. 327,054 min manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyun aylarında sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ümumi sığorta haqları 21 mln. manat təşkil edib. Beləliklə, cari ilin I yarısında bu göstərici 1,5% artıb.
Azərbaycanda 3 sığorta şirkəti bu sığorta növü üzrə xidmətlər göstərir.
2016-cı ilin yanvar-iyun aylarında sığortaçılar qeyd olunan sığorta növü üzrə 1 mln. 667,803 min manat (artım 51,5%) məbləğində ödəniş ediblər.
Hesabat dövründə həyat sığortası bazarı üzrə sığorta haqlarının 26%-i və ödənişlərin 4,5%-i istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın payına düşüb.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun 2010-cu ilin iyul ayında təsdiq edilib. Həmin ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiqləyib.*
N.Abbasova