Prezident İlham Əliyev bəzi dünya siyasətçilərinin və beynəlxalq ictimaiyyət nümayəndələrinin respublikada baş verən proseslər barədə əlavə məlumatlandırılmasını zəruri hesab edir.
“Azərbaycanın artıq 25 ildir müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutmasına baxmayaraq, hələ də bəzi dünya siyasətçilərinin və beynəlxalq ictimaiyyət nümayəndələrinin ölkəmizin reallıqları, yürütdüyü siyasət, əldə etdiyi nailiyyətlər və gələcək planları barədə məlumatlandırılmasına ehtiyac duyulur”, - deyə İ.Əliyev Amerika Birləşmiş Ştatları Konqresinin Kiçik Biznes üzrə Palata Komitəsinin sədri Stiv Şabot ilə görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident bildirdi ki, Stiv Şabotun Azərbaycana səfərinin ölkəmizi və insanlarımızı daha yaxından tanımaq imkanı yaradır.
Öz növbəsində, konqresmen regiona səfərinin Cənubi Qafqazın ən vacib ölkəsi olan Azərbaycandan başladığını vurğuladı.
S.Şabot qayıtdıqdan sonra regionu, həmçinin Azərbaycan barədə əldə etdikləri məlumatları Konqresdəki həmkarlarına çatdıracağını dedi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycanda son illərdə gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar, həmçinin bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. **
R.Babayev