“Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yardım edə bilər. Politoloq Fikrət Sadıxov belə hesab edir.
“Şimal-Cənub” layihəsi Azərbaycan, Rusiya və İranı yaxınlaşdıra bilər. Ümid edirəm ki, bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yardım edəcək”, - deyə F.Sadıxov “Cənubi Qafqaz” Politoloqlar Klubunun “Region üçün prezidentlərin Bakı və Sankt-Peterburq sammitlərinin yekunları” mövzusunda 45-ci iclasında bildirib.
Ekspert prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında Bakı görüşünün əhəmiyyətini qeyd etdi.
“Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü çox vacibdir. Əgər əsas aspekt kimi iqtisadiyyat sahəsi nəzərə çaprırsa, mən bunun arxasında siyasətin durduğunu görürəm. Siyasət olmasaydı, bu əlaqələr qurulmazdı və görüşün yekunlarına dair bəyannamə imzalanmazdı. Bir çox ölkələrdə, həmçinin Cənubi Qafqazda təhlükə yaradan terrorçuluqla mübarizə ilə bağlı mühüm addımlar atılıb”, - deyə F.Sadıxov bildirib.
Putin və Ərdoğanın Sankt-Peterbuqrda keçirilən görüşünü şərh edərkən o, Moskva ilə Ankara arasında münasibətlərin istiləşməsinin gözlənilən olduğunu qeyd etdi.
“Rusiya və Türkiyə arasında yaxınlaşmada anlaşılmaz məqamlar mövcud olmayıb. Hər şey şəffaf idi. Terror aktı törədiləndə, ilk olaraq Azərbaycan prezidenti Türkiyəyə səfər etdi. Bundan başqa, Rusiya-Türkiyə münasibətlərinin tənzimlənməsində Bakının da rolu fəal və səmərəli olub”, - deyə politoloq vurğulayıb.
F.Sadıxovun sözlərinə görə, Bakı Rusiya-Türkiyə münasibətlərinin pisləşməsində maraqlı deyil, “çünki bu Azərbaycana da öz təsirini göstərib”. **
F.İsazadə