Noyabrın 22-24-də Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (RecExpo II)keçiriləcək. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatında deyilir.
Sərginin təşkilatçıları ƏMDK, “Atılım Fuarcılık” və “Elan Expo” şirkətləridir.
«Azərbaycanın ən geniş və əhəmiyyətli daşınmaz əmlak və investisiya sərgisi olan “RecExpo II” beynəlxalq inşaat və daşınmaz əmlak şirkətləri tərəfindən layihələrini nümayiş etdirmək üçün əhəmiyyətli bir platformadır. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir», - deyə məlumatda bildirilir.
Sərginin iştirakçı siyahısına daşınmaz əmlakı inkişaf etdirən şirkətlər, daşınmaz əmlak satışı ilə məşğul olan firmalar, banklar, iri investorlar, səfirliklər, yerli və xarici şirkətlərin nümayəndələri daxildir.*
N.Abbasova