Avqustun 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsəsən aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirilib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb”, - deyə məlumatda bildirilir.
Müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb.
“Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaiçi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları peşəkarlıqla icra ediblər”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə