Azərbaycan, İran, Rusiya və Türkiyənin dördtərəfli əməkdaşlıq formatı regionun ölkələri üçün çox səmərəli ola bilər. Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşkun belə hesab edir.
“Bu cür formatda əməkdaşlıq imkanını müsbət qiymətləndiririk. Bu ölkələrin hər birinin və ümumilikdə regionun malik olduğu potensialların birləşməsi halında çox yüksək nəticələr əldə edə bilərik”, - deyə səfir “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan, İran, Rusiya və Türkiyə arasında əməkdaşlıq formatının genişləndirilməsi üzrə fəaliyyət davam etdiriləcək.
“Misal üçün, Gürcüstan, Türkmənistan, İranla regionda infrastruktur, iqtisadi, ticari və digər layihələri əhatə edən əməkdaşlığın üçtərəfli formatını qurmuşuq. Bu, sabiltik və rifahın təminatına yönələn mühüm layihələrdir”, - deyə İ.Coşkun qeyd edib.
Diplomat həmçinin vurğulayıb ki, Azərbaycan regionda Ankaranın vacib tərəfdaşıdır. Son illər ərzində iki ölkə arasında həyata keçirilən birgə fəaliyyət bunu sübut edir. **
F.İsazadə