Azərbaycanın gömrük orqanları respublika vətəndaşından 690 ədəd güclü təsir edən maddə - “Tramadol” aşkar edərək götürüb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
«Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşından ona məxsus iki ədəd polietilen konfet paketlərində konfetlərlə birlikdə doğranmış formada konfet kağızlarına bükülü 500 həb, şalvarının bel hissəsində 20 həb və corabının altında 170 həb olmaqla, cəmi 690 ədəd güclü təsir edən maddə - “Tramadol” aşkar edərək götürüblər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, həblər Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında aşkarlanıb.
“Tramadol” adlı dərman preparatı “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.*
F.İsazadə