Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Fransa Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Herve Sarnelliilə görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarını, eləcə də idxal-ixrac sertifikatları ilə bağlı məsələləri müzakirə edib.
“Biz Azərbaycan Dövlət Aqrar Universiteti ilə Fransanın aqrar təhsil ocaqları arasında tələbə mübadiləsinin aparılmasına böyük önəm veririk. Toxumçuluq, üzümçülük sahələrində dəəməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahələrdə birgə müəssisələrin yaradılması məqsədəuyğun olar”, – deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı sahəsində əlaqələr yeni hüquqi müstəvidə inkişaf edir. Gəncə şəhərində hər il ənənəvi olaraq keçirilən “Şərab festivalı”nda Fransa şirkətləri fəal iştirak edir.
“Bundan başqa, daha məhsuldar cins mal-qara yetişdirmək məqsədilə Gəncədə inşa olunan Sünü Mayalama Mərkəzinin ən müasir avadanlıqlarla təchizatında fransız şırkətləri də iştirak edir”, - deyə İ.Quliyev vurğulayıb.*
N.Abbasova