Əmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçi seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə həyata keçirilir.
Məsləhətçinin vəzifələrinə müəssisənin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması; müəssisənin SWOT və maliyyə-iqtisadi vəziyyətinin təhlilinin aparılması (“Due Diligence”), qiymətləndirilməsi və investisiya ehtiyaclarının öyrənilməsi; potensial investorlara təqdim olunmaq üçün müəssisə haqqında məlumat memorandumunun hazırlanması daxildir.
Bundan başqa, məsləhətçi müəssisənin özəlləşdirilməsinə yerli və xarici investorların cəlb edilməsi üçün potensial investorların siyahısını, müəssisənin satışı üzrə keçiriləcək investisiya müsabiqəsinin şərtlər toplusunun layihəsini, investisiya müsabiqəsinin qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsinin layihəsini hazırlamalıdır.
Tenderdə iştirakın dəyəri 1000 manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər 27 sentyabra qədər təkliflərini təqdim etməlidir. Tender proseduru sentyabrın 29-da keçiriləcək. **
N.Abbasova