Bakı və Brüssel müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün yaxşı potensiala malikdir. Azərbaycan prezidenti İlham Əliyev buna əmindir.
“Azərbaycan-Belçika ikitərəfli əlaqələrin uğurla inkişafı razılıq doğurur. Ölkələrimiz arasında ticarət, sərmayələr, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensial mövcuddur”, - deyə dövlət başçısının rəsmi saytında İ.Əliyevin Belçikanın yeni səfiri Bert Skufsilə görüşündən sitat gətirilir.
Prezident iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.
Belçika şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan dövlət başçısı xüsusən tikinti sahəsində bu şirkətlərin uğurlu təcrübəsini qeyd etdi.
Belçika şirkətlərinin Azərbaycanda tikinti sahəsi ilə yanaşı, logistika, əczaçılıq, tibb, texnologiyalar və digər sahələrdə fəaliyyət göstərdiklərini qeyd edən B.Skufs ölkəsinin iş adamlarının Azərbaycan şirkətləri ilə işləməyə hər zaman açıq olduqlarını bildirdi.
Xəbər verildiyi kimi, çərşənbə axşamı B.Skufs etimadnaməsini İ.Əliyevə təqdim edib. **
F.İsazadə