İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” təsis olunub. Bu barədə nazirlikdən məlumat verilib.
“Çərşənbə axşamı Qubada keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, ölkənin bütün iqtisadi rayonlarını təmsil edən 100-ə yaxın meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak edib”, - deyə məlumatda deyilir.
Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Zirə” İstixana Kompleksinin rəhbəri Bəşir Quliyev “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri seçilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovbildirib ki, meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılan assosiasiyanın fəaliyyəti meyvə-tərəvəz istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olacaq. **
N.Abbasova