Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük xidmətləri əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük xidməti rəhbərlərindən ibarət nümayəndə heyəti Naxçıvanda işgüzar səfərdə olub.
Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla görüşdə nümayəndə heyəti ikitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələlərini müzakirə edib.
“Tərəflər arasında sərhəd-keçid məntəqələrinin iş saatının artırılması, mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi barədə ilkin razılıq əldə olunub”, - deyə məlumatda vurğulanır.
Həmçinin məlumat mübadiləsinin həyata keçirilməsi,gömrük nəzarətində “bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin mütəmadi qaydada təşkili ilə bağlı ilkin razılıq əldə edilib. **
N.Abbasova