Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bir həftə ərzində “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödəniş tarixini müəyyən edəcək. Bu barədə ADİF-dən məlumat verilib.
“16 avqust banklarda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. Bununla əlaqədar, ADİF 7 təqvim günü ərzində kredit təşkilatlarının qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat verəcək”, - deyə məlumatda deyilir.
Xəbər verildiyi kimi, AMB yanvarın 27-də “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın lisenziyalarının ləğv olunmasına dair qərar qəbul edib. Bu qərar bankların məcmu kapitalın minimum məbləği (50 mln. manat - İF-Az) tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqədar qəbul olunub.
Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
“Qafqaz İnkişaf Bankı” ASC 1996-cı ilin aprel ayında yaradılmışdı.
“Atrabank” ASC 1992-ci ildən fəaliyyət göstərirdi. **
N.Abbasova