Azərbaycan xarici güvvələrə ölkə Konstitusiyasına dəyişikliklərin daxil edilməsi üzrə referendumdan öz məqsədləri üçün istifadə etməyə imkan verməyəcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəyan edib.
“Hansısa ölkələrin daxili işlərinə qarışmaq istəyirlərsə, buna seçki yolu ilə qarışırlar. Biz heç kəsə bunu etməyə imkan verməməliyik”, - deyə M.Pənahov MSK tərəfindən keçirilən dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirədə bildirib.
M. Pənahov deyib ki, ölkə əhalisinin prezident İlham Əliyevə etimad reytinqi çox yüksəkdir.
“Buna baxmayaraq, ölkədəki mövcud sabitlik sayıqlığımızı zəiflətməməlidir. Əlbəttə ki, ideal heç nə yoxdur. Çatışmazlıqlar da var”, - deyə M.Pənahov qeyd edib.
Onun sözlərinə görə, seçki komissiyalarının sədrləri üçün seminar mövcud çatışmazlıqların aradan qaldırılması və referendum prosesinin normal şəraitdə keçirilməsinin təminatına yönəlib.
“Referendum Azərbaycanda sabitliyin qorunmasına xidmət edir”, - deyə MSK sədri vurğulayıb. **
R.Babayev