Azərbaycan yeni silahlar və döyüş texnikası alaraq maddi-texniki bazasını möhkəmləndirir. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev bəyan edib.
“Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır”, - deyə E.Quliyev vurğulayıb.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd infrastrukturu yaradılıb.
“Bu gün sərhədçilər yüksək peşəkarlıqla vətənin sərhədlərini mühafizə edirlər. Azərbaycan Sərhəd Mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə icra etməyə qadir olan qurum səviyyəsinə yüksəlib”, - deyə o bildirib.
E.Quliyev həmçinin qeyd edib ki, elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan faktorunun azalmasını mütləqləşdirir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur.
“Bu gün ölkədə sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksinin və çevik müşahidə postlarının tətbiqi həyata keçirilir”, - deyə o vurğulayıb.
E.Quliyevin sözlərinə görə, sərhəd məntəqələri istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilir.
Bununla yanaşı, o bildirib ki, həmçinin rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. **
F.İsazadə