Yaxın günlərdə Aİ-92 markalı benizinin ölkəyə idxalına başlanacaq. Bu barədə SOCAR-ın (ARDNŞ) mətbuat xidməti məlumat verib.
Yaxın 3-4 gün ərzində 4 min ton həcmində idxal benzini respublikaya gətiriləcək. Bütövlükdə, Aİ-92 markalı benizinin idxalına zərurət H.Əliyev NEZ-də aparılan təmir işləri ilə əlaqdar yaranıb”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, Aİ-92 benzinin ölkəyə idxalı H.Əliyev NEZ yenidən istifadəyə veriləndən sonra dayandırılacaq.
“Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınır”, - deyə məlumatda deyilir.
SOCAR bildirir ki, təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan Aİ-92 markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi.
Avqustun 16-na ölkə üzrə avtomobil benzinin orta günlük istehlak həcmi 3,9 min ton təşkil edib və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilib. Hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyat bazar tələbatını ödəyə bilməyəcək.
“Bunu nəzərə alaraq, SOCAR Nazirlər Kabinetinə daxili bazar tələbatını təmin etmək üçün idxal olunacaq Aİ-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraicət edib. Xahişimiz NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşıyır”, - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, daxili bazarda benzinin qiyməti dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaq.
“Öz növbəsində idxal olunan benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir. Beləliklə, Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir”, - deyə məlumatda deyilir. **
N.Abbasova